Futbol üzrə Serbiya millisi ötən gün Qətərdəki dünya çempionatında ilk matçına çıxdı. Braziliya yığması ilə qarşılaşan Avropa təmsilçisi meydanı 0:2 hesablı məğlubiyyətlə tərk etdi.

Bu qarşılaşmanı izləmək üçün həm Serbiyadan, həm də Avropanın digər ölkələrindən Qətərə xeyli serbiyalı azarkeş yollanıb.

Onların arasında coğrafiya elmləri üzrə professor Zoran Jivlyak öz adından daha çox söz etdirməkdədir. Məsələ burasındadır ki, o, Qətərə getmək üçün düz dörd ay öncə yola çıxıb. Mundiala velosipedlə yollanmağa qərar verən 62 yaşlı professor Novi-Sad şəhərindən Dohaya qədər bir sıra ölkələrdən keçib.

Belə ki, Jivlyak Bolqarıstan, Gürcüstan, Ermənistan, İran, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrdə günlərlə velosiped sürüb və 6000 km yol qət edib.

Jivlyak bu səyahəti ilə bağlı fikirlərini də bölüşüb: "özümlə yalnız çadır və müxtəlif havalarda geyinmək üçün paltarlar götürmüşdüm.  Yolçuluq zamanı demək olar ki, hər gün gərgin anlar yaşamışam. Məsələn, Gürcüstanda və Ermənistanda velosipedlə irəliləməyin mümkünsüz olduğu yollar var idi. Amma əsas odur ki, məqsədimə çatdım. Məni ən çox heyrətləndirən isə İran oldu. Ora o qədər gözəldir ki, hələ də təsiri altındayam".

Qətərdəki mundial bir neçə Olimpiadanı da canlı izləmiş Zoran Jivlyak üçün dördüncü dünya çempionatıdır. O, Dohada Serbiya yığmasının üzvləri ilə görüşüb. Millinin kapitanı Duşan Tadiç isə ona yığmanın formasını hədiyyə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest