"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının XVIII turu çərçivəsində baş tutan "Zirə" ilə səfər oyunundan sonra qış fasiləsi zamanı heyətlə bağlı nəzərdə tutduqları bəzi planlarını açıqladı. Matc.az xəbər verir ki, o, azı 7 futbolçunun komandadan göndəriləcəyini bildirdi.
Təcrübəli məşqçi qış fasiləsindən sonra sərəncamında görmək istəmədiyi oyunçuların adlarını mətbuata açıqlamadı. Amma onlardan üçünün adı öncədən də bəlli idi. Söhbət Əhmədovun əvəzedici komandaya göndərdiyi Rauf Əliyev, Elvin Yunuszadə və Əfran İsmayılovdan gedir. Bu oyunçuların mətbuata açıqlaması zamanı baş məşqçi ilə bağlı səsləndirdiyi fikirlər də onların "Kəpəz"də qalmasının mümkünsüzlüyünü ortaya qoyurdu.
Əhmədovun "Kəpəz"də saxlamaq istəmədiyi digər oyunçuların da kimliyini öyrənməyə çalışdıq. Məlum oldu ki, o, Tural Axundov, Orxan Sadıqlı, Peyman Keşavarzi və Tural Rzayevi də heyətdə görmək istəmir.
üstəlik, əvəzedici heyətə göndərilmiş daha bir futbolçu - Əli Səmədovun da komandada qalıb-qalmayacağı sual altındadır.
Qeyd edək ki, "Kəpəz" mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə başa vurub.