"Kəpəz" və "Neftçi"nin sabiq futbolçusu Dario Frederiko karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, braziliyalı hücumameylli yarımmüdafiəçini "Səbail" heyətinə qatmaq istəyir.
Bu komandanın yeni baş məşqçisi Şahin Diniyev ona tanış olan vingeri "dənizçilər"in heyətində görməkdə maraqlıdır. Bu üzdən də tərəflər arasında danışıqlara start verilib. 31 yaşlı futbolçu ilə danışıqlar müsbət yekunlaşsa, o, Antalyada komandanın düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, Dario 2015-2017 və 2018-ci illərdə "Kəpəz"də, 2018, 2019-2020-ci illərdə isə "Neftçi"nin formasını geyinib. O, Gəncə klubunda 50 oyuna 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıbsa, paytaxt təmsilçisində 42 oyunda meydana çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
O, "Trofense", "Riqa" kimi klublarda da oynayıb. Yarımmüdafiəçi 2022-ci ilin avqust ayından Tanzaniyanın "Singida Yunayted" klubunun uğurları üçün çalışır.