20 Fevral 2023, 00:01
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. Matc.az xəbər verir ki, bu həftə bu mərhələnin daha dörd ilk oyunu baş tutacaq.
İlk oyun günündə "Ayntraxt" "Napoli"ni, "Liverpul" isə "Real"ı qəbul edəcək. İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən Neapol təmsilçisinin qrup mərhələsindəki uğurlu çıxışını pley-offda da davam etdirəcəyi ehtimal olunur. Amma Frankfurt klubunun da doğma meydanda asanlıqla təslim olacağını gözləməyə dəyməz.
Günün digər matçına maraq daha böyükdür. ötən mövsümün finalçılarının ilk görüşü İngiltərədə baş tutacaq. Yurgen Kloppun komandası həmin vaxt minimal hesabla uduzduğu Madrid təmsilçisindən qisas almaq üçün ilk növbədə doğma meydanda sərfəli nəticə qazanmalıdı. Amma İngiltərə təmsilçisi bu mövsüm Premyer Liqada o qədər də uğurlu çıxışı ilə seçilmir. Elə "Real" da La Liqada lider "Barselona"nın gerisindədir.
Bir gün sonra isə "İnter" İtaliyada "Portu" ilə münasibətlərinə aydınlıq gətirəcək. Milan klubu mərhələ adlamaq üçün doğma meydanda qələbə qazanmağa borcludur.
Son matç isə Almaniyada yerli "Leypsiq"lə İngiltərə çempionu "Mançester Siti" arasında baş tutacaq. "Şəhərlilər"in bu səfər matçında hansı nəticəyə imza atacağı maraqla gözlənilir.
UEFA çempionlar Liqası
1/8 final
21 fevral
00:00. Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
00:00. Liverpul (İngiltərə) – Real (İspaniya)
22 fevral
00:00. İnter (İtaliya) – Portu (Portuqaliya)
00:00. Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə)
Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınıb:
Milan (İtaliya) – Tottenhem (İngiltərə) 1:0
PSJ (Fransa) – Bavariya (Almaniya) 0:1
Borussiya (Dortmund, Almaniya) – çelsi (İngiltərə) 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya) 0:2