29 iyul - 6 avqust tarixləri aralığında doğma Bakıda 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları baş tutacaq. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzinin ev sahibliyi edəcəyi U-18 Avropa çempionatının C Divizionunda 9 milli komanda A və B qruplarında mübarizə aparacaqlar.
 
A qrupunda qərarlaşmış U-18 millimiz, Malta, Kipr və Moldova seçmələrinə qarşı mübarizə aparacaq. B qrupunda isə Andorra, Lüksemburq, San Marino, Monako və Cəbəllütariq milliləri növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaqlar.
 
çempionatın açılış oyunu B qrupunda qərarlaşmış Monako və San Marino yığmaları arasında keçiriləcək. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu isə 29 iyul saat 20:00-da Malta yığmasına qarşı olacaq. 
 
Millimizin bütün görüşləri CBC Sport telekanalı vasitəsilə canlı olaraq basketbol sevərlərə təqdim olunacaqdır. Avropa çempionatının bütün oyunları həm də FİBA-nın rəsmi "Youtube" hesabından da canlı yayımlanacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest