Azərbaycan yığmasının sabiq futbolçusu Ramazan Abbasovun matc.az saytına müsahibəsi

- Bugünlərdə “Turan” komandası ilə anlaşaraq, minifutbol çempionatında oynamağa başladınız. Necə oldu ki, bu qərara gəldiniz?

- Bilirsiniz ki, “Kür-Araz” komandasının heyətində çıxış etdiyim II Liqada hazırda fasilədi. Məşq etməmək futbolçu üçün mənfi haldı. Zəng gəldi ki, minifutbol komandasında oynamaq istəyirsən? Fikirləşdim ki, II Liqada fasilədi, onlara qoşulsam, mənim üçün də yaxşı olar. Oynamaq, qaçmaq, formaya düşmək lazımdı. Minifutbol çempionatda ilk matçda qol da vurdum. Komandada oynayanların çoxunu əvvəldən tanıyırdım.

- Bəs “Kür-Araz”ın heyətində məşqlərdə iştirak etmirsiniz? II Liqada fasilənin bu qədər uzun çəkməsi mənfi hal deyil?

- “Kür-Araz” İmişlidə məşqləri bərpa edib. Komanda yoldaşlıq görüşləri də keçirəcək, həmin oyunlara qoşulacağam. Özüm də fərdi məşqlər edirəm. Çempionatın ikinci yarısına kimi hazır olmaq lazımdı.

- Minifutbol böyük futboldan nə ilə fərqlənir?

- II Liqada oynayan uşaqların çoxu minifutbol çempionatında da çıxış edir. Bu, müsbət haldı. Çünki hər həftə oyunlarda iştirak edirlər, formada qalırlar. Fərq ondadı ki, minifutbolda kiçik məsafədə daha çox qaçırsan. Böyük futbolla müqayisədə minifutbol daha çətindi. Hərəsinin öz özəllikləri var.

- Sizcə, “Kür-Araz” I Liqaya yüksələ biləcək?

- İkinci dövrəyə yaxşı hazırlaşacağıq. Köhnə səhvləri təkrarlamamalı, qələbələr qazanmalıyıq. Hər şey çempionat başlayanda bəlli olacaq. Çalışacağıq ki, turnir cədvəlində ilk pilləyə yüksələk.

- Növbəti mövsümdə də “Kür-Araz”a kömək etməyi düşünürsünüz?

- Əlimdən gələni edib komandaya daha faydalı olmağa çalışacağam.

- Vaxtilə formasını geyindiyiniz milli komandamızın Millətlər Liqasındakı rəqibləri bilindi. İsveç, Slovakiya və Estoniya ilə qərarlaşdığımız qrupu necə dəyərləndirirsiniz?

- Münasib qrupdu. Bu komandalarla mübarizə apara bilərik. TOP-rəqiblər deyillər ki, əvvəlcədən qrupdan çıxmamaqla barışaq. Oynamaq, qrupdan çıxmaq da olar. Yaxşı nəticə qazanacağımıza ümid edirəm. İsveç, Slovakiya və Estoniyanın hər birinə qarşı müqavimət aparmaq mümkündü.

- Millinin baş məşqçi postuna hələ də yeni təyinat olmayıb. Sizcə, kimin bu posta gətirilməsi yığmamız üçün düşərli olar?

- Yəqin ki, qərar verməkdə tələsmək istəmirlər. Məncə, yerli məşqçi olsa, daha uyğun olar. Neçə illərdi ki, xarici mütəxəssislərə üstünlük verilir. Bu müddətdə nəticə baxımından, demək olar ki, elə bir inkişaf görünmədi. İndi yerli məşqçilərə şans verilməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest