Azərbaycan millisinin məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi

- Ölkə çempionatında geridə qalan 30 turda sizi müsbət və mənfi mənada nələr təəccübləndirdi?

- Müsbət mənada onu deyərdim ki, 2-4-cü yerlər, yəni Avropa Liqası və Konfrans Liqasına vəsiqə uğrunda gərgin mübarizə getdi və davam etməkdədi. Bundan əlavə, ikinci yerlə hətta sonuncu pillə arasında mövsümün gedişində xal fərqi elə də çox deyildi. Mənfi mənada isə “Qarabağ”ın çempionluq yarışında rəqabətlə üzləşməməsini qeyd edərdim. Çempionluq uğrunda nə qədər çox komanda mübarizə aparsa, liqaya maraq bir o qədər artar. İkinci məqam isə odu ki, komandaların heyətində çoxlu legioner olmasına baxmayaraq, heç də keyfiyyətli əcnəbilər gətirilməyib, onlar yerli futbolçuların yerini tuturlar.

- “Qarabağ”ın sona 8 tur qalmış çempionluğu təmin etməsi bu komandanın digərlərindən ikiqat üstün olduğunu göstərmir?

- Dediyim kimi, çempionatda “Qarabağ”a bab rəqib yoxdu. Buna görə də Ağdam klubu çempionluq mübarizəsi ilə üzləşmədi və qızıl medallara rahat sahib çıxdı. Bir statistika deyim ki, 2010-2011 mövsümündə - mən o vaxt “Neftçi”də işləyəndə çempion olmaq üçün strateji baxımdan maksimum 3 oyunda məğlub ola bilərdin. Əks halda, çempionluq əlindən çıxırdı. Amma bu mövsüm “Qarabağ”ın passivində artıq 4 məğlubiyyət olsa da, ən yaxın izləyicisindən 25 xal öndədi.

- Miodraq Bojoviçin “Neftçi”dəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Birmənalı şəkildə yaxşı və ya pis demək olmaz. Hər şey mövsümün sonunda bilinəcək. Amma bu, faktdı ki, komandada hələ də stabillik çatışmır. Odu ki, böyük bir dəyişiklik görmürük. Bojoviç komandanı Adrian Mutudan təhvil alanda “Neftçi” necə idisə, o formada da qalıb.

- Son 6 turda hansı komandanın çıxışı sizin üçün daha böyük maraq kəsb edir?

- Təbii ki, 2-4-cü yerlər uğrunda mübarizəsini davam etdirən komandaların çıxışı daha çox maraq doğurur. Bu komandaların oyunlarındakı intriqa daha maraqlıdı.

- Görünən odu ki, “Qəbələ” mövsümü sonuncu pillədə bitirəcək. Sizcə, “Qəbələ”nin Premyer Liqadan düşməsi və yerinə 1-ci liqadan yeni komandanın gəlməsi futbolumuz üçün daha faydalı olar, yoxsa “Qəbələ” də qalmaq şərtilə, yüksək dəstədə komanda sayının 12-yə çatdırılması?

- Düşünürəm ki, komandaların sayı artırılsa, daha yaxşı olar. Hazırkı legioner limiti 7+4-dü və bu, yerli futbolçuların qıtlığı deməkdi. Komandalarda daha çox legioner oynadığı üçün yerli futbolçuların şansı azalır. Klub sayı çoxaldıqca dediyimiz bu problem aradan qalxacaq. Bu baxımdan komanda sayının artırılmasının tərəfdarıyam. “Qəbələ”nin də çempionatı tərk etməsini istəməzdim. Sırf əsas komanda ilə bağlı demirəm, infrastruktur baxımından “Qəbələ”nin Premyer Liqada qalması Azərbaycan futbolu üçün daha faydalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest