UEFA Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq “Barselona”nın paytaxtımıza səfər proqramı və heyətlə bağlı son vəziyyəti bəlli olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 24-də çarter reysi ilə Bakıya gələcək.

Komanda oteldə yerləşdikdən sonra axşam saatlarında qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq. Məşqdən əvvəl isə baş məşqçi Hansi Flik və komandanın aparıcı futbolçularından biri mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Bununla yanaşı, “Barselona” Bakı səfəri öncəsi ciddi kadr problemləri ilə üzləşib. Runi Bardji və Xavi Espart zədə səbəbindən “Sabah”la görüşdə meydana çıxa bilməyəcəklər. Yarımmüdafiəçi Rodri də sağ bud nahiyəsindən aldığı zədə üzündən qarşılaşmanı buraxmaq təhlükəsi ilə üz-üzədir.

Azarkeşlərin meydana çıxmasını səbirsizliklə gözlədiyi Lamin Yamalın da dizində narahatlıq olduğu bildirilir. Gənc futbolçunun Bakıdakı oyunda iştirak edib-etməyəcəyi ilə bağlı məşqçilər heyəti hələlik yekun qərar verməyib.

Dani Olmo və Jül Kundenin durumu da qeyri-müəyyəndir. Tibbi heyət hər iki futbolçunun “Vilyarreal”la matça qədər bərpa olunaraq sıraya qayıdacağına ümid edir.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest