"Bu mövsüm "Benfika" və "Ayntraxt"ın Avropa Liqasındakı çıxışı məni heyran etdi". Matc.az saytı xəbər verir ki, bunu Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavin deyib.
UEFA-nın rəsmi saytına müsahibə verən veteran hücumçu Avropa Liqası ilə bağlı təəssüratlarını bölüşüb. O, 1/4 final mərhələsində "Ayntraxt"la "Benfika"nın duelini digərlərindən fərqləndirib: "Əsl mübarizə bu cütlükdə oldu. "Benfika" qeyri-standart komandadı. Hücum futbolu sərgilədi, ancaq "Ayntaxt"a "ilişdilər" ki, bu da hədiyyə deyildi. "Ayntraxt"ın yarımfinala qədər irəliləyəcəyini heç kim gözləmirdi. Ancaq onlar diqqət çəkmədən bunu bacardılar".
Arşavin finalla bağlı proqnoz da verib. O, İngiltərə nəhənglərinin həlledici matça vəsiqə əldə edəcəyini və sabiq komandası "Arsenal"ın kuboku qazanacağını düşünür: "çelsi" ilə "Arsenal"ın yarımfinalda olması qanunauyğunluqdu. Onlar bu turnirdə çıxış edən komandaların hamısından səviyyəcə üstündülər. Şəxsən mən Bakıda İngiltərə finalını arzulayıram. Fikrimcə, finalda onlar qarşılaşacaq və "Arsenal" 2:1 hesabı ilə qalib gələcək. "çelsi"nin heyətində Azar mütləq qol vuracaq. "Arsenal"da isə Omabeyanq və Lyakazett fərqlənəcək".
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" "Valensiya" ilə, "çelsi" isə "Ayntraxt"la qarşılaşacaq. Final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.