"İki qol vursam da, öz çıxışımdan tam razı qalmadım". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett deyib.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Valensiya"nı qəbul edən "topçular" 3:1 hesablı qələbəyə seviniblər.

Birinci hissədə dubl edərək, qələbənin memarı olan Lyakazett öz performansından məmnun qalmayıb. Fransa millisinin üzvü Avropa Liqası ilə bağlı hədəflərindən də söz açıb: "Bundan da yaxşısını edə bilərdim. Daha iki qol imkanını qaçırdım. Xoşbəxtlikdən Obameyanq 3-cü qolu vurdu. çempionlar Liqasına vəsiqə əldə etmək üçün Avropa Liqasını qazanmaq istəyirik. Eyni zamanda titula sahib olmaq xoş olar. Premyer Liqada da mübarizədən qopmuruq, mövsümü ilk "4-lük"də bitirməyə çalışacağıq. Bakıya səfər edə bilsək, bu, bizim üçün xüsusi olacaq".

Qeyd edək ki, "Arsenal"la "Valensiya" arasında cavab oyunu mayın 9-da baş tutacaq. Turnirin final qarşılaşması isə ayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest