"Arsenal"ın baş məşqçisi Unay Emeri komandasının gələn mövsüm çempionlar Liqasında iştirak etmək şansını dəyərləndirib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ispaniyalı mütəxəssis bunu Premyer Liqadan əldə edə bilməyəcəklərini başa düşür.
"Topçular" son tur öncəsi 4-cü pillənin sahibi "Tottenhem"dən 3 xal geri olduğundan artıq bütün diqqətlərini Avropa Liqasına yönəldib. Emeri də yeganə şanslarının bu turniri qazanmaq olduğunu etiraf edib.
O, bunun üçün ilk növbədə yarımfinalda "Valensiya"nı sıradan çıxarmağın vacibliyini vurğulayıb: "Birinci hədəfimiz Premyer Liqada mövsümü ilk "dördlük"də bitirmək idi. Lakin son tur öncəsi vəziyyət heç də yaxşı deyil. Buna çox üzülürük. Bu səbəbdən artıq bütün diqqətimizi Avropa Liqasına yönəldəcəyik. "Valensiya" ilə cavab matçına yüksək səviyyədə hazırlaşırıq. Bu turnirdə istəyimizə nail ola bilərik. Ancaq əvvəlcə "Valensiya" səddini aşıb, Bakıya bilet almalıyıq".
Qeyd edək ki, "Valensiya" - "Arsenal" oyunu mayın 9-da keçiriləcək. Bu komandalar arasındakı ilk qarşılaşmada ingilislər 3:1 hesablı qələbə qazanıb. Turnirin final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.