Özil "Azərsun Arena"da "köhlən atlılar"ın açıq məşqini izləyib.
Almaniya millisinin, həmçinin “Real” və “Arsenal” klublarının sabiq yarımmüdafiəçisi Məsut Özil "Qarabağ" klubunun qonağı olub. Matc.az xəbər verir ki, o, "Azərsun Arena"da "köhlən atlılar"ın açıq məşqini izləyib.
Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmiləri və azarkeşlər də izləyiblər.
Məsut Özil onu izləməyə gələnlərə təşəkkür edib: "Hamınızı salamlayıram. Gəldiyiniz üçün minnətdaram. “Qarabağ" canımız-ciyərimizdi, onlara uğurlar arzulayıram. Burada olduğum üçün xoşbəxtəm”.
Qeyd edək ki, Özil karyerası ərzində "Şalke", "Verder", "Fənərbağça" və "Başakşehir" klublarında da oynayıb. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionluğunu qazanıb.