çempionlar Liqasından sonra Avropa Liqasında da finalçılar müəyyənləşib. Matc.az saytının məlumatına görə, dünən keçirilən oyunlardan sonra "çelsi" və "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda həlledici qarşılaşmaya çıxmaq hüququ əldə ediblər.

Baş tutan "Valensiya" - "Arsenal" (2:4) və "çelsi" - "Ayntraxt" (1:1, penaltilərlə 4:3) görüşlərindən sonra bir sıra rekordlar yenilənib.

"Arsenal" 13 ildən sonra ilk dəfə avrokuboklarda final oyununa çıxacaq. "Topçular" sonuncu dəfə 2005-06 mövsümündə çempionlar Liqasının həlledici görüşündə iştirak etmiş və "Barselona"ya məğlub olmuşdu (1:2).

"Valensiya" ilə qarşılaşmada het-trikə imza atan "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq klubun tarixinə düşüb. Belə ki, qabonlu forvard "kanonirlər"in heyətində avrokubokların yarımfinal matçında 3 qol vuran ilk oyunçu olub. Sonuncu dəfə Lukas Peres 2016-cı ildə çempionlar Liqasının qrup mərhələsində "Bazel"i 3 dəfə mərkəzə dəvət etmişdi.

"Arsenal"ın baş məşqçisi Unay Emeri karyerası ərzində 4-cü dəfə Avropa Liqasında final həyəcanı yaşayacaq. O, bunu bacaran ilk mütəxəssis kimi tarixə düşüb. Emeri ardıcıl 3 il "Sevilya"nı (2014, 2015, 2016) finala çıxarıb və kuboku qazanıb.

"çelsi" 6 illik həsrətə son qoyaraq, Avrokubokun finalında mübarizə aparacaq. "Zadəganlar" axırıncı dəfə 2012-13 mövsümündə Avropa Liqasında sona qədər yoluna davam etmiş və həlledici qarşılaşmada "Benfika"ya qalib gəlmişdi (2:1).

Bu, "Arsenal"ın tarixi ərzində 7-ci (1969-70 mövsümündəki Yarmarkalar Kuboku da daxil olmaqla), "çelsi"nin isə 6-cı finalı olacaq.

Bu mövsüm "Arsenal" və "çelsi"nin "sükanı arxası"na gətirilən Unay Emeri ilə Mauritsio Sarri debüt mövsümündə avrokubok finalı həyəcanı yaşayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest