Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadənin matc.az saytına müsahibəsi

- "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu sabah Norveçdə “Budo Qlimt” klubuna qarşı keçirəcək. Bu görüşdən gözləntiniz nədi?

- Qurban Qurbanova və komandasına uğurlar arzulayıram. Ümid edirəm ki, bu oyundakı nəticə ilə Azərbaycan xalqını sevindirəcəklər. “Qarabağ”ın Liqa mərhələsində qarşılaşdığı rəqiblər nizam-intizamlı, fiziki cəhətdən tam hazır komandalardı. Əsas odu ki, əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə qol imkanlarından istifadə edə bilək. Bunu bacaracağımız halda, nəticə ürəkaçan olacaq.

- "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində ilk 3 oyundan sonra xalsız qalacağını gözləyirdiniz? Bunun səbəbini nədə görürsünüz?

- Əslində, 3 görüşün heç birində “Qarabağ” pis təsir bağışlamayıb. “Ayaks”la Bakıdakı son oyunu götürsək, komandamız matça çox sürətli və istəkli başlamışdı. Ancaq ilk hissədə verilən qırmızı vərəqə “Qarabağ”ın ziyanına oldu. Düzdü, ondan sonra da “Qarabağ”ın azlıqda qalması çox hiss edilmirdi. Fasilədən sonra isə “Ayaks”ın futbolçularının ustalığı öz sözünü dedi. Onlar yaratdıqları qol imkanlarından yaxşış istifadə etdilər. O ki qaldı səbəblərə, qol epizodlarını qaçırmağımız nəticəyə çox təsir edir. Əsas heyətin iki aparıcı üzvü - Marko Veşoviç və Marko Yankoviçin zədəli olması bu görüşlərdə komandanın çıxışına təsir göstərdi. Bir səbəb də odu ki, komandanın bəzi aparıcı futbolçuları biz gözlədiyimizdən aşağı səviyyədə oynayırlar. Fərdi səhvlər buraxılır ki, bu da sonda rəqiblərin qol vurmasına gətirib çıxarır.

- "Qarabağ" bu mövsüm başqa hansı məqamlarda axsayır?

- Müdafiədə, yarımmüdafiədə çıxış edən aparıcı futbolçuların öz formalarından aşağı səviyyədə çıxış etməsini qeyd edərdim. Oyunlar göstərir ki, onlar əvvəlkindən aşağı səviyyədə təsir bağışlayırlar.

- Bəziləri "Qarabağ"ın avrokubokdakı məğlubiyyətlərini komandanın yeni formata uyğunlaşa bilməməsi ilə əlaqələndirir. Siz bu fikirlə razısınız?

- Ola bilər. Əvvəl bir komanda ilə həm evdə, həm də səfərdə qarşılaşırdılar. Hazırkı formatda isə bir komanda ilə cəmi 1 dəfə üz-üzə gəlirlər. İndi rəqiblərin sayı daha çoxdu, “Qarabağ” müxtəlif oyun üslubu olan komandalara qarşı çıxış edir. Bu da öz təsirini göstərə bilər. Amma “Qarabağ”ın məşqçilər korpusu onsuz da hər oyundan öncə rəqibi yaxşı təhlil edir. Mən əsas səbəbi bayaq qeyd etdim. Komandanı arxasınca aparmalı olan futbolçuların çıxışında eniş var. Bu, rəqiblərin də “Qarabağ”ın aparıcı üzvlərini yaxşı analiz etməsi ilə bağlı ola bilər. “Ayaks”la matçı götürək. Bilirik ki, Marko Yankoviç “Qarabağ”ın orta xəttində böyük fiqurdu. Görüşün ilk 10-15 dəqiqəsində ona qarşı neçə dəfə kobud oynadılar. Bunları da nəzərə almaq lazımdı. Rəqiblər də “Qarabağ”ın futbolçularının üstün cəhətlərinə bələddilər və bunun qarşısını almağa çalışırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest