Adam iyrənir. Adamın ürəyi bulanır. Adam Ramiz Rövşənin bu sözlərini xatırlayır:

“Hər bir dərdə dözən adam,
 Heç bir şeydən dəli olur”.

Azərbaycan futbolunda baş verənlərin qısa icmalını bu sözlərlə ifadə etmək olar. Mənə heç bir aidiyyəti olmayan bir mövzu haqqında danışacam, hansı ki, oturduğum yerdə məni əsəbiləşdirir, kədərləndirir, ürəyimi partladır.

Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul etdi, Samir Abasovun “Neftçi”sini. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda. Elə açılışında Abasovun “Sumqayıt”ının “Neftçi”ni məğlub etdiyi stadion. Abasovun “Sumqayıt”ının ilk dəfə avrokubok matçına ev sahibliyi etdiyi stadion. Keçən ili 1 xal fərqlə 2-ci yerdə yox, 4-cü yerdə bitirən “Sumqayıt”, bu dəfə Samirin başçılıq etdiyi “Neftçi”ni qonaq və məğlub etdi. Oyun, futbol, nəticə başqa müzakirə mövzusudur, danışarıq.

Vaxtınızı 1 abzas aldığımı düşünə bilərsiniz. Bunları onsuz da bilirdiniz, hə. Sadəcə yuxarıda bəzi şeyləri xatırlatmaq istədim. Matçın 1-ci dəqiqəsindən 90-cı dəqiqəsinə qədər Samir Abasovu tənqid və təhqir edən “Sumqayıt” azarkeşlərinə, 200-300 manat pula görə həqiqətləri bilmələrinə rəğmən susan media mənsublarına, görmədiyi günləri Abasov sayəsində görən klub rəhbərliyinə xatırlatmaq istədim...

Allah şahiddir, Samir Abasovla nə bir dəfə oturub çay içmişik, nə telefonla zəngləşmişik, nə də dostum, qohumumdur. Ortaq nöqtəmiz şəhər ola bilər, Sumqayıt uşağıyıq ikimiz də. Bunu ona görə deyirəm ki, kiminsə ağlı özünə, bəzilərinə gedib düşünməsin ki, sifarişli yazıdır. Mənasız, əttökən ittihamlara öyrəşmişəm, ona görə qabaqcadan deyirəm. Sadəcə adamın ürəyi ağrıyır.

Bir-birindən göyçək, tərtəmiz, dünyadan xəbəri olmayan Sumqayıt uşaqları dünən oyun başlayandan sona qədər sumqayıtlı Abasovun ünvanına şərəfsizdən belə dedi, dayanmadan. Şüarlar, bəstələr... Bu kinin, nifrətin səbəbini öyrənməli idim. Aydın məsələdir, Abasovun “Sumqayıt”ı atıb, “Neftçi”yə getməsi. Axı, məncə, bu ayrılığın necə baş verdiyini bilməyən qalmamışdı?! Bu barədə ətraflı yazmışdım, zəhmət çəkib əvvəla onu oxuyub agah olun (oxumaq üçün kliklə). Ərinənlər üçün böyük hərflərlə, qısa, ibtidai sinif uşaqlarının da anlayacağı dildə yazım:

SAMİRƏ “NEFTÇİ”DƏN TƏKLİF GƏLİB, O DA GEDİB RİAD RƏFİYEVİN YANINA GİRİB Kİ, BAKIDAN TƏKLİFİM VAR, BURDA QAZANDIĞIMDAN 3 DƏFƏ ARTIQ. AMMA MƏN VƏ KÖMƏKÇİLƏRİM GETMƏK İSTƏMİRİK. SUMQAYIT UŞAQLARIYIQ, YAYDA MÜQAVİLƏMİZ BİTİR, 2 İLLİK MÜQAVİLƏ UZAT, HAZIRKI MAAŞA QALAQ İŞLƏYƏK. RİAD DA DEYİB YOX, YAYDA DANIŞARIQ. GET İŞİNİ HƏLL ELƏ, SAĞ-SALAMAT!

Bu, söhbəti bilməyənlər üçün idi. Əlqərəz, tribunada oyuna baxırdım, azarkeşlər tərəfindən dayanmadan Abasovun ünvanına təhqirlər... Bu mənzərəyə 60 dəqiqə dözə bildim, gəzə-gəzə getdim “Ultras Sumqayıt” azarkeş qrupu tərəfə. Tribuna mədəniyyətini yaxşı bilirəm deyə, bu qrupu həmişə digərlərindən ayırmışam. Azad azarkeş qrupudur. Uşaqlar müstəqil şəkildə öz ciblərindən maliyyələşir, rəhbərlikdən maddi yardım almırlar. Başlarında da klubdan maaş alan kimsə yoxdur digər tribunada duran qrup kimi. Yaxınlaşdım, rəhbərləri və bir neçə yaşda digərlərindən daha böyük olan yoldaşlarla söhbətləşmək imkanım oldu. Abasova qarşı tənqidin, bu kinin, nifrətin səbəbini soruşdum. Əslində belə şeyləri başa düşürəm, hətta normaldır. İnsan çox sevdiyi, dəyər verdiyi birini başqasıyla görəndə havalanır, sevgi bəlkə də nifrətə çevrilir. Münasibətdə olan şey futboldan da yan keçməyib, Fiquya elə bil dünən idi öküz başı atılmışdı...

Amma bu ayrılığın necə baş verdiyini artıq hamının bildiyini düşünürəm axı, son ana qədər öncəliyini “Sumqayıt”a verən Samirin hansı şərtlərdə şəhərindən ayrıldığını hələ də bilməyənlər var imiş. Bilməməkdən əlavə, məsələ tam başqa imiş... Fan-klubun rəhbəri ilə təklikdə söhbət etdik. Ona bu protestin haqsız və yersiz olduğunu izah etdim, ayrılığın əslində necə baş verdiyini danışandan sonra hər şeyin səbəbi mənə aydın oldu... Sən demə, bir müddət əvvəl klubun prezidenti Riad Rəfiyev bir neçə nümayəndəsini fan-klubun rəhbəri ilə danışığa göndərib. Sevimli baş məşqçilərinin gedişinə görə rəhbərliyə qarşı çıxan uşaqları yalan məlumatlarla aldadıblar. “Müəllimlər” Samir Abasovun şəhəri atıb getdiyini, ümidləri doğrultmayan bütün fərsiz transferlərin şəxsən Abasov tərəfindən kluba gətirildiyini, rəhbərliyin günahsız olduğunu qrup rəhbərinə bildiriblər. Menecer-prezidentləri Riad Rəfiyevin kluba gətirdiyi saysız-hesabsız fərsiz futbolçuları da yazıblar Samirin ayağına. Hadisələrin doğruluğundan xəbərsiz olan başqan da qrupdakı uşaqlara ona verilən məlumatı ötürüb və beləcə rəhbərlik bu fikri şəhərin beyninə yeridərək missiyasını tamamlamış olub.

Bax belə... Nəticədə “Sumqayıt” uşaqları doğma komandalarına saysız uğurlar, sevinclər yaşatmış, fədakarlıqlar etmiş başqa bir Sumqayıt uşağını 90 dəqiqə boyunca təhqir etdi...

İnanclı insanlar belə iyrənc ittihamlarla, oyunlarla qarşı-qarşıya qalanda, adətən, deyirlər ki, Allah hər şeyi görür. Ateistlərin işi lap çətindir.

Riad Rəfiyev bu uşaq hərəkətləriylə girişdə yazdığım şeirin sonluğunu da əlavə etməyə məni vadar edir:

"Özü də xəbər tutmadan
Qəflətən gülməli olur".

Xahiş edirəm, gəlin, vicdanımızı tam itirməyək. Görürəm axı, bir damcı da olsa, qalıb. Yoxsa o da qalmayıb?!

(apasport.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest