“Sabah” klubunun müdafiəçisi Rəhman Daşdəmirovun matc.az saytına müsahibəsi
- Ölkə çempionatının 22-ci turunda "Turan Tovuz" üzərində əzmkar qələbə qazandınız. Matçla bağlı fikirləriniz maraqlıdı…
- Oyunun çətin keçəcəyini bilirdik, gözlədiyimiz kimi də oldu. Matçın ilk hissəsində hesabda geri düşdük. Bu isə işimizi bir az da çətinləşdirdi. Lakin fasilədən sonra üstünlük tam olaraq bizim tərəfimizdə idi. Komanda olaraq xarakter nümayiş etdirdik və lazım olan qələbəni qazandıq.
- Bu görüşə qədər kubok oyunu da daxil olmaqla, 4 matç idi ki, qələbə qazana bilmirdiniz. Bunun səbəbini nədə görürsünüz?
- Qalib gələ bilmədiyimiz oyunlarda rəqiblərdən geri qalmırdıq. Hətta deyərdim ki, bu görüşlərin çoxunda rəqiblə müqayisədə daha üstün futbol nümayiş etdirmişdik. Sadəcə, bəzi səhvlərimiz sonda qələbə qazanmağımıza mane olmuşdu. Bu, futboldu, hərdən üstün olsan da, bunu hesabda əks etdirə bilmirsən.
- Baş məşqçiniz vaxtilə müdafiəçi olub. Sizin də müdafiəçi olduğunuzu nəzərə alsaq, xüsusi məsləhətlər verirmi? Daha çox nəyin üzərində çalışmağınızı tələb edir?
- Əlbəttə, həm baş məşqçimiz, həm də məşqçilər korpusunun digər üzvləri daim bizə öz məsləhətlərini verirlər. Biz də oyunlarda əlimizdən gələni edirik ki, bu tapşırıqları meydanda yerinə yetirək.
- Növbəti turda "Səbail"in qonağı olacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
- Meydana yalnız qələbə üçün çıxacağıq. Ümumiyyətlə, hər oyuna qalib gəlmək üçün çıxırıq. Bu görüşdə də məqsədimiz dəyişməyəcək. Çətin matç olacaq, lakin meydanı 3 xalla tərk etmək üçün əlimizdən gələni edəcəyik.
- "Sabah"ı mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında görə biləcəyik?
- Buna mövsümün sonunda baxarıq. Əslində, komandanın hər bir üzvü bunun üçün çalışır. İstər məşqlər, istərsə də oyunlar olsun, uğurlu nəticə üçün var gücümüzdən istifadə edirik. Ümid edirəm ki, mövsümün sonunda hədəflərimizə çatacağıq.