Dünyanın 200-dən çox ölkəsi dəstək məktubları vasitəsilə Canni İnfantinonun dördüncü müddətə FİFA prezidenti seçilməsinə razılıq ifadə edib.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, dünyadakı 211 futbol assosiasiyasından yalnız bir neçəsi İnfantinonun yeni səlahiyyət müddəti ilə bağlı hələ öz mövqeyini dəqiqləşdirməyib. Onların arasında ən tanınmışı Almaniyadır.
Digər qurumların hamısı isə Beynəlxalq Futbol Federasiyasının hazırkı rəhbərini dəstəkləyib. İngiltərə Futbol Assosiasiyası öz dəstəyini hələ bu il keçirilən 2026-cı il dünya çempionatı başlamazdan əvvəl ifadə etmişdi.
Bəzi Avropa assosiasiyaları ABŞ millisinin hücumçusu Folarin Balonqunun diskvalifikasiyasının ləğv edilməsi ətrafındakı vəziyyətdən narazı qalsalar da, onların mütləq əksəriyyəti İnfantinoya sadiqliyini artıq təsdiqləyib. Baxmayaraq ki, futbol assosiasiyalarının öz dəstək məktublarını hüquqi cəhətdən geri götürmək ixtiyarı var.
Buna rəğmən, 56 yaşlı futbol funksioneri kifayət qədər dəstəyə malikdir və prezident postuna əsas namizəd sayılır. Onun seçkilərdə məğlubiyyəti az qala qeyri-mümkündür.
Bəzi futbol assosiasiyaları isə İnfantinoya sadiqliklərini təsdiqləmək üçün onlara təzyiq göstərildiyini düşünürlər.
Xatırladaq ki, daha əvvəl Almaniya Futbol İttifaqının 2026-cı il dünya çempionatı zamanı təşkilatlara təklif olunan İnfantinoya dəstək məktubunu imzalamaqdan imtina ediyi bəlli olmuşdu.
FİFA prezidentliyinə növbəti seçkilər 2027-cı ilin martında keçiriləcək.













