"Mənə qəribə gəlir ki, çarter reysləri niyə hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur"
UEFA Avropa Liqasının finalında oynayacaq "çelsi" və "Arsenal" klublarının hər birinə 10 min bilet ayıra bilər. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail"ə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O deyib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edəyi təqdirdə, bu, gerçəkləşə bilər.
Məmmədov komandaların azarkeşlərini ticketing@baku2019.az və asif.aliyev@baku2019.az ünvanından bilet almağa dəvət edib: "UEFA-nın qərarı ondan ibarətdir ki, klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir. UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Klublar çarter reyslərinin cədvəlini verən kimi, UEFA hər finalçıya əlavə 4 min bilet verə bilər. Klublar bu haqda bilir. Mənə qəribə gəlir ki, çarter reysləri niyə hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla birbaşa əlaqə saxlayır və onlar üçün bilet ehtiyatı tutur. Bəli, biz daha çox reys təşkil edə bilərdik, amma finalçılar mayın 9-da məlum oldu. Bu, qısa bir zamandır. Adətən belə vəziyyətlərdə klublar özləri turagentlərlə müstəqil işləyirlər. Amma onlar bunu etməyiblər".
Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bileti Bakıda offlayn rejimdə alıblar: "Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar. Bu, yeni imkanlar deməkdir.Azərbaycan futbol üçün ən yeni imkanlardan biridir. Biz və başqa qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya müsbət təsir göstərə bilər".
Qeyd edək ki, UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına klub etiraz etmişdi.