AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasında yaşanan xoşagəlməz halları müzakirə edib. Matç.az saytı xəbər verir ki, yığıncaqda qalmaqallarla bağlı sərt qərarlar qəbul olunub.
"Baku" – "Şahdağ" matçının 38-ci dəqiqəsində qonaqların futbolçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət edib. Bu üzdən də onun 3 oyun cəzalanması məqsədəuyğun sayılıb.
"Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb.
"Baku" azarkeşləri meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə klub 3 oyunu azarkeşsiz keçirəcək. Paytaxt təmsilçisinə xəbərdarlıq da olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə klubu daha ağır cəza gözləyir.
"Kürmük" – "Şəki" oyunu da qalmaqalla nəticələnib. Matç başa çatdıqdan sonra "Kürmük"un futbolçuları Surxay Mikayılovla Ramin Hacıyev və "Şəki"nin oyunçuları Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr və aqressiv davranış, kütləvi dava-dalaşda iştirak edib. Hər bir futbolçu 9 oyun cəzalanıb.
"Kürmük" növbəti 3 ev oyunu neytral meydançada və azarkeşsiz keçiriləcək. Həmçinin bu komandaların cavab matçı olacaq "Şəki" – "Kürmük" matçı azarkeşsiz baş tutacaq.
Həmçinin "Kürmük" klubuna xəbardarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə klub yarışlardan kənarlaşdırılacaq.
"Gənclik" (Sabirabad) – "Şamaxı" matçı başa çatdıqdan sonra qonaqların futbolçusu Vüqar Süleymanov hakimi təhqir etdiyi üçün 4 oyun cəza alıb.
"Gənclik" İK (Bakı) – "Şirvanovka" (Qusar) matçında da hakim təhqir olunub. "Gənclik" klubunun futbolçusu Ələkbər Muradov buna görə 4 oyun cəzalanıb.