"Avropa Liqasının finalındakı rəqibimiz "Arsenal" 2 hücumçu ilə çıxış edir. Həm Obameyanq, həm də Lyakazett təhlükəli oyunçulardı. Ancaq mən orda olanda 1 hücumçu ilə oynayırdıq". Matc.az xəbər verir ki, bunu "çelsi"nin hücumçusu Olivye Jiru deyib.

"Zadəganlar"la yeni 1 illik müqavilə imzalayan fransalı forvard "Daily Mail"ə açıqlamasında Bakıda keçiriləcək Avropa Liqasının final görüşü barədə fikirlərini bildirib.

33 yaşlı forvard sabiq komandasına qarşı oynayacağı üçün ikiqat əzmlə hazırlaşdığını vurğulayıb: "Keçmiş komandalarıma qarşı oynamağı hər zaman sevirəm. Təbii ki, Bakı finalı çətin olacaq. İşlər yolunda getməsə, məyusluq yaranacaq. Ancaq xatirələrimizi bir kənara qoyub mübarizə aparmalıyıq. "Arsenal" İngiltərədə ilk klubumdu, orda keçirdiyim illərdən məmnunam. O klubun yeri məndə xüsusidi. Ancaq indi qanımı mavi rəngdə hiss edirəm. Milli komandadakı kimi, mavi mənə çox yaraşır. "çelsi" ilə ikinci kubokumu qazanmaq istəyirəm. Avropa Liqası mövsümünü həm bombardir, həm də qalib kimi bitirmək niyyətindəyəm. Bu bizim son şansımızdı".

Qeyd edək ki, "çelsi" - "Arsenal" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest