21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, Moldova və Şimali Makedoniya ilə keçirilən yoxlama görüşlərindən bəhs edib.

Abbasov futbolçuların həmin qarşılaşmalardakı çıxışından razılıq bildirib: “Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest