"Arsenal" cəbhəsində Avropa Liqasının final qarşılaşmasının Bakıya salınması ilə bağlı narazılıqlar davam edir. Matc.az saytının məlumatına görə, indi də fransalı müdafiəçi Loran Koselni "çelsi" ilə həlledici görüşün məkanı ilə bağlı fikir bildirib.
Kapitan mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüşə komanda yoldaşı Henrik Mxitaryanın gətirilməməsinə görə UEFA-nı tənqid edib: "Hesab edirəm ki, UEFA ölkələrdəki siyasi vəziyyətlə əlaqədar yarana biləcək müxtəlif problemlərdən xəbərdar olmalıdı. Avrokubokun final oyununu başqa ölkə ilə qarşıdurma yaşayan bir ölkəyə vermək düzgün deyil".
Qeyd edək ki, erməni futbolçu Henrik Mxitaryanın ölkəmizdə təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti tərəfindən təminat verilsə də, "Arsenal" rəhbərliyi oyunçunu final matçına gətirməmək qərarını verib.