UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib, Azərbaycanın paytaxtı Bakıya gələrək ertəsi gün Azərbaycanın ikinci böyük şəhərinə - qədim Gəncəyə yollanıb.
Kubok dünən Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib. Avropa Liqasının kubokunu yaxından görmək və onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün "Qayıdış" parkında şəkil zonası, UALF-2019-un səfiri Vəli Qasımov, həmçinin "Qarabağ"ın və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.
Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilmiş və digər əyləncələr təşkil edilib.
Bayram ab-havasının yaradılması üçün tədbirdə tanınnış DJ AKG iştirak edib.