"Seçmə mərhələni sanballı qələbə ilə başlamaq çox yaxşıdı. Azərbaycanla görüşün taleyini tez həll etdiyimiz üçün şadam". Matç.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Norveç millisinin baş məşqçisi Erlan Yonsen deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunundakı 4:1 hesablı qələbəyə şərh verib: "Əla başlanğıc idi. Qarşılaşmanın əvvəlində məhsuldarlıq nümayiş etdirdik və 3 qol vurduq. Bu üç qoldan sonra təkcə meydanda deyil, ehtiyat oyunçular skamyasında da hamı arxayınlaşdı. Düzdü, hissənin ikinci yarısında da biz pis oynamayıb, topa nəzarət edirdik. Amma rəqib oyunun əvvəli ilə müqayisədə daha çox hücum edirdi. Zərbələrdən biri tirə dəydi ki, bu da bizi ayıltdı. Fasilədə futbolçulara izah etdik ki, üstünlüyü əldən verməyib, nəticəyə oynamalıyıq. İkinci hissədə də yaxşı oyun göstərib, əla qol vura bildik. Azərbaycan üzərində qələbə yaxşı nailiyyət idi. Son iki matçda 11 qol vurmağımız bizdə özünəinamı artırır. Komandamdan da tam razı qaldım. Bu gün cinahlarda fəal olduq, kombinasiyalı oyun sərgilədik".