"Mənim üçün hələ yaxşı mövsüm deyil. 40 qol vurub sonda heç nə qazanmırsansa, uğurlu sayılmamalısan. Əgər Avropa Liqasının qalibi olsaq, o zaman yaxşı mövsüm demək olar". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin ulduz futbolçusu Eden Azar deyib.
Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "zadəganlar" dünən Bakıya gəlib. Klubun rəsmi saytına danışan Azar hədəflərinin kuboku qazanmaq olduğunu vurğulayıb: "Razıyam, heç nə ideal alınmadı. çünki Premyer Liqa və İngiltərə kubokunda da rəqabət aparmaq istəyirsiniz. Amma son iki ayda oyunumuzun inkişafda olduğunu deməliyəm. Zədəlilərdən xoşagəlməz xəbərlər aldıq. Ancaq psixoloji cəhətdən güclüyük. Əgər Bakıdakı görüşə düzgün yanaşsaq, uğurlu sonluq gətirə bilərik".
Belçikalı vinger Avropa Liqası və ya çempionlar Liqasında final oynamağın bir fərqinin olmadığını söyləyib: "Bura avrokubokdu. Bu üzdən də mənim, klubum, məşqçimiz və azarkeşlərimiz üçün əhəmiyyətlidi. Finalda oynayırsınızsa, bunun çempionlar Liqası, Avropa Liqası və ya Liqa Kuboku olmasına önəm vermirsiniz. Sadəcə qalib gəlmək və evə titulla yollanıb, bunu qeyd etmək istəyirəm. üç ay əvvəl Liqa Kubokunun finalında uduzduq. Ancaq hələ də titul qazanmaq şansımız var və yolumuza davam edirik".
Sabahkı qarşılaşmadan sonra "Real"a transfer olunması gözlənilən Azar bu üzdən son görüşündə bütün gücünü ortaya qoyacaq: "İngiltərədə başqa heç bir klubda oynaya bilmərəm. Belə bir ehtimal yoxdu. çünki mən bir "mavili"yəm. İndi yalnız kuboku qazanmaq barədə düşünürəm, başqa heç nə. Əgər "çelsi"də son oyunumdusa, kubokla vidalaşmaq istəyərdim".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da start götürəcək.