UEFA İcraiyyə Komitəsinin üzvü Maykl van Praaq Bakıda keçirilən Avropa Liqasının finalı ilə bağlı tvitter səhifəsində etdiyi paylaşıma görə, tənqid olunub. Matc.az saytının məlumatına görə, oyun günü paytaxtımızda olan hollandiyalı futbol funksioneri görüşdən öncə stadiondan çəkdiyi şəkli paylaşaraq "Təsirli" başlığını qoymuşdu.
Həmin fotoda tribunalarda boş yerlərin olması hollandiyalılar tərəfindən müsbət qarşılanmamış və onlar van Praaqı "ikiüzlü" deyə çağırmışdılar. Qitə futbol qurumunun sabiq vitse-prezidenti isə yerli mətbuata açıqlamasında həm bu ittihamları cavablandırıb, həm də paylaşımına aydınlıq gətirib.
O, şəkli oyundan əvvəl çəkdiyini vurğulayıb: "Tvitin vaxtına baxın, saat 19:41-i göstərir. Yəni matçın startından saat yarım əvvəl. Əlbəttə ki, həmin vaxt stadion hələ boş olacaqdı".
72 yaşlı futbol adamı fikrini dəyişmədiyini və stadionla bağlı müsbət düşüncədə olduğunu deyib: "Mən bu sözləri bir daha təkrar edirəm. çünki UEFA-da stadion və təhlükəsizlik komitəsinin üzvüyəm. Stadionlar barədə tənqidi fikir səsləndirə bilərəm. Xüsusən də, boş olduqda. Bakı stadionu isə finalda çox təsirli idi. Azərbaycanda da insanlar yaşayır. Onlar da futbolu sevirlər. Azərbaycan UEFA-ya üzv olan ölkədi və Hollandiya kimi, onlar da bir çox hüquqa malikdilər. Finalları təşkil etmək təkcə Qərbi Avropanın və ya İngiltərə, İspaniya və Almaniyanın haqqı deyil".
Qeyd edək ki, "çelsi" ilə "Arsenal" arasında keçirilən final qarşılaşması birincilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.