"Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik"
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la "Çelye” arasında baş tutan hər iki görüşdə bərabər mübarizə gedib. Matc.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniya klubu ilə cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəqibi təbrik etməyi də unutmayıb:
"Rəqibi növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq - çünki son saniyədə baş verdi. Bugünkü oyuna gəlincə, futbolçularımı tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid var idi.
"Çelye" bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, "duran" toplardan buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq, əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da, bu kifayət etmədi".
Baş məşqçi komandanın göstərdiyi performansı yüksək dəyərləndirib:
"İndi əsas məqsədimiz tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq" (report).
Qeyd edək ki, "Sabah" Sloveniya komandasına iki oyunun nəticəsinə görə məğlub (2:3, 3:3) olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Paytaxt klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Bu raundun matçları iyulun 24-ü və 31-də oynanılacaq.