"Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq".
"Şamaxı" Misli Premyer Liqasının 17-ci turunda doğma meydanda "Qəbələ"yə 0:4 hesabı ilə uduzub.
Matc.az .az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Üzücü məğlubiyyət oldu. Bilirdik ki, çətin oyun olacaq. Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Hər kəs turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur. Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, bu, uzun marafondur. Bilirəm ki, çətin olacaq. Amma mübarizə aparacağıq.
- Sanki komandada keyfiyyət görünmürdü. Bunun səbəbi nədir?
- Keyfiyyətlə razı deyiləm. Son dəqiqələrdə biz hücuma atılmışdıq. İki qol buraxmaq normaldır.
- Kərim Rossinin zəif çıxışının səbəbi nədir?
- Gərək oyuna baxım. Rossidən də zəif oynayan oyunçular oldu. Bəzi futbolçular effekt vermədi. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi. Bu qoldan sonra ikinci hissədə də buraxdıq və yekunda uduzduq.
- Bu mövsüm autsayderlərə qol vura bilmirsiz. Komanda bu oyunlara köklənə bilmir?
- Bariyer var və bunu tullanmalıyıq. Həmin matçlarda bunu keçə bilməmişik. Bir çox oyunda olub. Bu da həmin qarşılaşmalardan biri idi. Səbəbləri çoxdur. Mən bunu bilirəm. Bəlkə də futbolçulardan çox şey istəyirəm. Keyfiyyət amili var. Amma bizim işimiz istəməkdir. Təslim olmamalıyıq.
- Tək sponsorla bariyer aşmaq çətin deyil?
- Çətindir. Demədim ki, bu gün itkilərimiz var. İki mərkəz müdafiəçimiz yox idi. Bilirdik ki, qışda güclənməyə ehtiyac var. Çempionata bəlli büdcə ilə başlamışıq. Gileylənmirik, bizim hədəfimiz bəllidir. Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq.












