Tanınmış hücumameyilli yarımmüdafiəçi Duşan Tadiç "NEK Neymegen" klubunun oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı serbiyalı veteranla müqavilə iki illik — 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Tadiç "NEK Neymegen"ə azad agent statusu ilə keçib. Serbiyalı futbolçu 1 illik fasilədən sonra Avropa futboluna qayıdıb. O, ötən mövsümü BƏƏ çempionatında çıxış edən "Əl-Vahda" klubunda keçirib.
Tadiç daha çox 2018-2023-cü illərdə "Ayaks" klubundakı çıxışları ilə tanınır. O, həmçinin "Voyvodina", "Qroningen", "Tvante", "Sauthempton" və "Fənərbaxça" klublarının da şərəfini qoruyub.
Təcrübəli oyunçu 2008-2024-cü illərdə Serbiya millisinin heyətində 111 matçda meydana çıxıb və 23 qol vurub.
"NEK Neymegen" ötən mövsüm Niderland çempionatının bürünc medallarını qazanıb, yeni mövsümdə isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparacaq.













