"Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır".
"Kəpəz" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ı Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah Avropada yollarına davam edərlər. Oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. "Qarabağ" bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.
- "Qarabağ"ın "Ayntraxt"la oyundakı heyəti meydanda olsaydı, nəticə fərqli ola bilərdi?
- Hər şey ola bilərdi.
- Oyundan öncə belə hesabı təxmin edirdiz?
- Yox. Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq.
- "Qarabağ"ı məğlub etdiyiniz üçün "Kəpəz"də əla mükafat olacaq?
- Onu rəhbərlik bilər. Belə məsələlərə biz qarışmırıq. Mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər.












