Daha bir türkiyəli futbolçu milliləşdirilir. Matc.az-ın "Kayserispor"a yaxınlığı ilə bilinən kayseritempo.org saytına istinadən məlumatına görə, bu klubun yarımmüdafiəçisi Hasan Hüseyin Azərbaycan millisinə çağırılacaq.
ötən ilin yayında "Əskişəhərspor"dan Kayseri təmsilçisinə transfer olunan 25 yaşlı orta sahə oyunçusu AFFA-dan təklif alıb. Bunu futbolçu özü açıqlamasında bildirib.
Hasan deyib ki, Azərbaycan millisində oynamaq təklifini müsbət qarşılayıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu barədə düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. A millidə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
Qeyd edək ki, "Əskişəhərspor"un yetirməsi olan Hasan Hüseyin Acar 2011-ci ildən ötən ilə qədər bu klubda çıxış edib. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq "Göztəpə" və "Tokatspor"da icarə əsasında oynayıb. ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. "Kayserispor"la 2021-ci ilin yayına qədər müqaviləsi olan Hasan 2013-cü ildə Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib.