Argentina millisinin və "Benfika"nın təcrübəli müdafiəçisi Nikolas Otamendinin yeni klubu rəsmən müəyyənləşib. Ulduz futbolçu karyerasını "River Pleyt"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatan 38 yaşlı müdafiəçi azad agent statusu ilə yeni klubuna keçib. Tərəflər 31 dekabr 2027-ci ilə qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.
Qeyd edək ki, Otamendi 2020-ci ildən bəri "Benfika"nın şərəfini qoruyurdu. Lissabon klubunda ümumilikdə 281 rəsmi matça çıxan təcrübəli oyunçu bu müddətdə Portuqaliya çempionluğu, ölkə kuboku və iki dəfə Portuqaliya Superkubokunun qalibi olub.
Təcrübəli müdafiəçi iyul ayında keçiriləcək Dünya Kubokundan dərhal sonra yeni komandasına qoşulacaq. Argentina millisi ilə turnirə yollanacaq Otamendi, dünya çempionatının "J" qrupunda Əlcəzair, Avstriya və İordaniya yığmalarına qarşı mübarizə aparacaq.













