Avropanın nəhəng klubları skandinaviyalı gənc istedadın transferi üçün hərəkətə keçib. İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti" klubları Norveçin "Bodo-Qlimt" komandasında çıxış edən 17 yaşlı hücumçu Mikkel Bronu fəal şəkildə izləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Rudi Qaletti paylaşıb.
Danimarkalı vunderkində təkcə bu iki komanda yox, həmçinin İtaliyanın "Yuventus" və Niderlandın "Ayaks" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, İngiltərənin "Nyukasl" klubu yanvar ayında gənc hücumçu üçün "Bodo-Qlimt"ə rəsmi transfer təklifi göndərsə də, Norveç təmsilçisi bu təklifi rədd edib. Buna baxmayaraq, "sağsağanlar" hələ də Bro ilə maraqlanmaqda davam edirlər.
Mikkel Bro 2025-ci ilin fevral ayında Danimarkanın "Orhus" klubundan "Bodo-Qlimt"ə keçib. O, kapitanı olduğu Danimarkanın U-17 milli komandasında keçirdiyi 15 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.













