"Roma" rəhbərliyi idman direktoru Frederik Massara ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
Massaranın komandadan gedişi ilə bağlı şayiələr ilk dəfə aprelin sonlarında mətbuata sızmışdı. Həmin vaxt baş məşqçi Can Pyero Qasperini ilə yaşanan münaqişədən sonra idarəetmə müşaviri Klaudio Ranieri işdən çıxarılmış və bunun ardınca Massaranın da ayrılacağı iddia edilmişdi.
Frederik Massara ötən yay Florent Qisolfinin yerinə bu posta gətirilmişdi. Təcrübəli funksioner daha əvvəl "Palermo", "Milan" və "Renn" kimi klublarda fəaliyyət göstərib. O, həmçinin 2018-2019-cu illər mövsümündə də "Roma"da çalışıb.
Qeyd edək ki, "Roma" uğurlu mövsümü geridə qoyaraq İtaliya A Seriyasında üçüncü yeri tutub və 8 illik fasilədən sonra yenidən Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb.













