İngiltərə Premyer Liqası təmsilçisi "Kristal Pelas" baş məşqçisi Oliver Qlasnerlə yollarını rəsmən ayırıb.
Matc.az xəbər verir ki, klubun rəsmi saytında dərc olunan açıq məktubla azarkeşlərinə vida edən avstriyalı mütəxəssis, London klubundakı unudulmaz dövrünə nöqtə qoyub.
2024-cü ilin fevral ayında komandanın sükanı arxasına keçən Qlasner, "qartallar"ın tarixinə ən uğurlu məşqçilərdən biri kimi düşməyi bacarıb. O, cəmi iki mövsüm yarım ərzində London klubuna misli görünməmiş 3 böyük titul qazandırıb. Avstriyalı baş məşqçinin rəhbərliyi altında "Kristal Pelas" ümumilikdə 122 rəsmi matça çıxıb, bu oyunlarda 53 qələbə, 34 heç-heçə və 35 məğlubiyyət əldə edib.
Bu uğurlu gedişat sayəsində London klubunun muzeyinə 3 mühüm kubok gedib. Qlasner komandaya 2024/25 mövsümündə FA Kubokunu, 2025/26 mövsümündə isə İngiltərə Supekrkubokunu və UEFA Konfrans Liqasını qazandırıb.
Ayrılıqdan sonra 51 yaşlı mütəxəssisin adının Londonun digər nəhəngi "Çelsi" ilə yanaşı çəkilməsi idman mətbuatının gündəmini zəbt edib. Baş məşqçi postu boş qalan "Kristal Pelas" rəhbərliyi isə vaxt itirmədən yeni xələf axtarışlarına başlayıb. İngiltərənin nüfuzlu nəşrlərinin yaydığı məlumata görə, London təmsilçisi hazırda Fransanın "Lens" klubunu çalışdıran və orada böyük uğurlara imza atan Pyer Seyc ilə intensiv danışıqlar aparır. 47 yaşlı fransalı mütəxəssisin də Premyer Liqaya gəlməyə isti yanaşdığı və tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi gözlənilir.













