Niderland nəhəngi "Ayaks" baş məşqçi postuna gətirdiyi yeni adı rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın sükanı ispaniyalı mütəxəssis Mişel Sançesə tapşırılıb. Tərəflər arasında 2028-ci ilin yayına qədər qüvvədə olacaq 2 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2021-ci ildən 2026-cı ilə qədər İspaniyanın "Jirona" klubunu çalışdırıb. Onun rəhbərliyi altında böyük sıçrayış edən "qırmızı-ağlar" tarixlərində ilk dəfə 2024/25 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparıb. Lakin arxada qalan son mövsümdə ciddi eniş yaşayan "Jirona" La Liqada 41 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşaraq elitanı tərk edib. Sançesin əvvəlki məşqçilik karyerasında "Hueska" və "Rayo Valyekano" klubları da yer alır.
Yeni baş məşqçisindən böyük uğurlar gözləyən "Ayaks" isə ötən mövsüm Erediviziyanın turnir cədvəlində beşinci yeri tutub. Amsterdam təmsilçisi gələn mövsüm Avropa arenasında UEFA Konfrans Liqasında mübarizə aparacaq.













