Slovakiyanın paytaxtı Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatı milli komandamızın möhtəşəm çempionluğu ilə başa çatıb.

Matc.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan milli komandası turnirin həlledici final qarşılaşmasında Ukrayna yığması ilə üz-üzə gəlib.

"Tipos Arena"da baş tutan gərgin və dramatik görüş millimizin 2:0 hesablı parlaq qələbəsi ilə nəticələnib. Yığmamıza tarixi zəfəri qazandıran qollara Mirmehdi Rzayev və İsa Atayev imza atıblar.

Beləliklə, Ukrayna səddini inamla keçən minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropanın ən böyüyü adını qazanaraq ikiqat Avropa çempionu olub. Komandamız daha əvvəl 2022-ci ildə də bu titula sahib çıxmışdı.

Xatırladaq ki, çempionat boyu məğlubiyyətsiz irəliləyən Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək maksimum nəticə göstərmişdi. Pley-off mərhələlərində də möhtəşəm seriyanı davam etdirən komandamız 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), gərgin keçən yarımfinalda isə Serbiyanı (1:1, penaltilər seriyasında 3:1) üstələyərək adını finala yazdırmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest