"Mançester Siti" klubu "Nottinqem Forest"in mərkəz yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Qırmızı-ağlar"ın Mançester təmsilçisindən gələn ilkin transfer təklifini rədd etdiyi bildirilir. Buna baxmayaraq, "Mançester Siti" rəhbərliyi 23 yaşlı futbolçunu transfer etmək fikrindən daşınmaq niyyətində deyil. Hazırda klubların idarə heyəti üzvləri arasında aparılan danışıqların hansı mərhələdə olduğu dəqiq bilinmir.
İngiltərəli yarımmüdafiəçi 2024-cü ilin iyul ayında "Nyukasl"dan transfer olunduğu gündən bəri "Nottinqem Forest"in uğurları üçün çalışır. O, bu müddət ərzində komandanın forması ilə 92 rəsmi matçda meydana çıxaraq 6 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. 2025/2026-cı illər mövsümündə isə Anderson 50 oyunda şans qazanaraq 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Uğurlu çıxışı ilə diqqət çəkən Elliot Anderson İngiltərə milli komandasında da 7 qarşılaşmada iştirak edib. Gənc yarımmüdafiəçi həmçinin İngiltərə yığmasının 2026-cı il dünya çempionatı üçün müəyyənləşən yekun heyətində də yer almağı bacarıb.
Qeyd edək ki, istedadlı futbolçunun "Nottinqem"lə 2029-cu ilin iyun ayının sonuna qədər müqaviləsi var və "Transfermarkt" portalı onun hazırkı dəyərini 75 milyon avro olaraq qiymətləndirir.











