FİFA təhlükəsizliklə bağlı yaranan narahatlıqları əsas gətirərək, 2026-cı il dünya çempionatı zamanı stadionlara boş plastik şüşələrin daxil olmasını qadağan edib.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) təhlükəsizliklə bağlı yaranan narahatlıqları əsas gətirərək, 2026-cı il dünya çempionatı zamanı stadionlara boş plastik şüşələrin daxil olmasını qadağan edib.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ali futbol qurumu mötəbər turnirin başlamasına cəmi bir həftə qalmış oyunlara qatılmaq qaydalarını yeniləyib. Əvvəlki qaydalara əsasən, azarkeşlərin stadionlara boş plastik şüşə gətirməsinə icazə verilirdi. FİFA-nın rəsmi bəyanatında bu addımın oyunçuların, hakimlərin, azarkeşlərin, könüllülərin və işçilərin təhlükəsizliyini qorumaq, həmçinin potensial xəsarət alma risklərinin qarşısını almaq məqsədilə atıldığı vurğulanıb.
Lakin bu qərar futbolsevərlər arasında ciddi narahatlığa səbəb olub. Azarkeşlər bəzi ev sahibi şəhərlərdə gözlənilən həddindən artıq isti hava şəraitində bu qadağanın matçlara getməyi çətinləşdirəcəyindən qorxurlar. FİFA isə öz növbəsində arenalarda isti ilə mübarizə tədbirlərini həyata keçirmək üçün ev sahibi ölkələrin hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etdiyini açıqlayıb. Bu tədbirlər çərçivəsində stadionlarda xüsusi buxar generatorları, ventilyatorlar, içki stansiyaları və soyutma çadırları quraşdırılacaq.
Eyni zamanda, qurum stadion daxilində satılacaq suların qiymətlərinin süni şəkildə şişirdilməyəcəyinə zəmanət verib. Bəyanatda qeyd olunub ki, dünya çempionatı zamanı arenalardakı butulka sularının qiyməti həmin stadionlarda keçirilən digər adi tədbirlərdəki qiymətlərlə tamamilə eyni olacaq.
Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatı bu il iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.











