Azərbaycan futbolunda son günlərin ən çox müzakirə olunan mövzularından biri “Turan Tovuz”un UEFA Konfrans Liqasında iştirakına yaranan problemdir.
Misli Premyer Liqasını 3-cü pillədə başa vuran “canavarlar”ın Konfrans Liqasının 2026/27 mövsümündə çıxışı əngəllənə bilər. Səbəb danışılmış oyunlarda iştirak göstərilir.
Belə ki, 2019-cu ildə AFFA-nın İntizam Komitəsi UEFA-dan daxil olmuş məlumatlar əsasında “Turan Tovuz”un 7 futbolçusunu danışılmış oyunlarda iştirak etdiyinə görə ömürlük futboldan uzaqlaşdırmışdı. Niyəsə bu hadisə klubun KL-ə vəsiqə qazanması ilə yenidən gündəmə gəlib.
Mövzu ətrafında ən vacib sual: bəs necə olacaq?
Qaydalara görə UEFA klubun özünün birbaşa və ya dolayı yolla oyunun nəticəsinə təsir göstərmək cəhdində iştirakını təsdiqləsə, həmin klub bir mövsümlük avrokuboklardan kənarlaşdırıla bilər.
Vəziyyət həqiqətən ciddidir, hətta kritik durumdadır. Lakin işıq var.
Bunun üçün “Turan Tovuz” nə etməlidir?
Hüquqi cəhətdən araşdırma göstərir ki, 2019-cu ildəki hadisələrdən sonra klubun idarəetmə strukturu, maliyyə mənbəyi və heyəti tamamilə dəyişildiyi üçün KL-də çıxışa sanksiya tətbiq edilməsi qərarı verilməyə də bilər.
İkincisi, cəzalar konkret futbolçulara tətbiq olunub, klubun özü isə həmin vaxt yarışlardan kənarlaşdırılmayıb. Yəni oyun manipulyasiyasında klubun bilavasitə iştirakı təsdiqlənməyib, bu, fərdlərin problemi olub və cəzalarını alıblar.
Və ən vacibi, son illər “Turan Tovuz” ətrafında heç bir yeni danışılmış oyun qalmaqalı, yaxud UEFA-dan hansısa sanksiya qeydə alınmayıb.
Ümumiyyətlə, analoji hallarda UEFA necə davranır?
Məsələn:
“FK Pobeda” (Şimali Makedoniya) – UEFA yarışlarından 8 il uzaqlaşdırılıb (2009)
“Şkenderbü” (Albaniya) – UEFA yarışlarından 10 il uzaqlaşdırılıb və 1 milyon avro cərimələnib. CAS qərarı qüvvədə saxlayıb.
“Arsenal Tivat” (Monteneqro) – UEFA yarışlarından 10 il uzaqlaşdırılıb, əlavə maliyyə cəriməsi tətbiq olunub.
“Anderlext” (Belçika) – 1984-cü il, UEFA Kuboku qalmaqalına görə sonradan 1 mövsümlük avrokubok qadağası alıb.
Nümunələr göstərir ki, UEFA danışılmış oyunlarla bağlı məsələlərdə sərt mövqe tutur. Sadəcə futbolçuları yox, lazım gəlsə birbaşa klubları da cəzalandırır.
Lakin “Turan Tovuz” məsələsində incə detal var: yuxarıda qeyd etdiyimiz kimi, həmin dövrdə klubun özü UEFA tərəfindən cəzalanmayıb, əsas sanksiyalar futbolçulara tətbiq olunub. Bu isə hüquqi baxımdan klubun müdafiə arqumentini müəyyən qədər gücləndirə bilər. Əlbəttə, Ehtiram Quliyev bütün əlaqələrini işə salıb bu məsələlərdə böyük təcrübəsi olan vəkil tapmalıdır.
CAS nə deyə bilər?
UEFA mənfi qərar qəbul edərsə, “Turan Tovuz”un əsas ümid yeri CAS olacaq. CAS UEFA qərarlarını ləğv edə bilir, lakin təcrübə göstərir ki, idman arbitraj məhkəməsi adətən UEFA-nın səlahiyyətlərini geniş şərh edir və yalnız prosedur və ya sübutlarla bağlı ciddi problemlər aşkar edərsə, qərarı dəyişir.
Hazırkı vəziyyətdə “Turan Tovuz”un mövqeyi o qədər də zəif görünmür. Klubun əsas üstünlüyü ondan ibarətdir ki, söhbət 6 il əvvəl baş vermiş hadisələrdən gedir və həmin dövrün iştirakçılarının heç biri klubda yoxdur.
Ona görə də qarşıdakı günlərdə veriləcək qərar yalnız “Turan Tovuz”un deyil, ümumilikdə Azərbaycan futbolunun beynəlxalq nüfuzuna təsir edəcək deyə, AFFA-nın da prosesdə aktiv tərəfə çevrilməsi vacibdir.
P.S.
Bu hadisə həm də digər klublara dərs olsun: hüquqi və maliyyə prosesləri peşəkar şəkildə idarə edilməlidir. Bunun üçün də klubların müvafiq ştatları və bu sahədə səriştəsi olan kadrları olmalıdır. (Futbolpress)


_1780412646.jpg)










