"Bavariya"nın və Fransa millisinin ulduz hücumçusu Maykl Olise karyerasını "Real"da davam etdirməyə müsbət yanaşır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Ramon Alvares paylaşıb.
Bir neçə gün öncə "Real"ın prezidenti Florentino Peres seçkilərdə qalib gələcəyi təqdirdə adı gizli saxlanılan bir ulduzu 150 milyon avroya transfer edəcəyini vəd etmişdi. İngiltərə mətbuatı həmin futbolçunun məhz Olise olduğunu iddia edib.
"Bavariya" rəhbərliyi aparıcı oyunçusunu əldən vermək istəməsə də, 24 yaşlı fransız vinger özü Madrid klubuna keçməyə hazırdır. Lakin Münhen təmsilçisinə hörmət bəsləyən futbolçu, transferin reallaşması üçün indiki klubuna rəsmi təzyiq göstərmək niyyətində deyil.
Qeyd edək ki, Olisenin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir və "Transfermarkt" onun dəyərini məhz 150 milyon avro olaraq dəyərləndirir. Ulduz futbolçu bu mövsüm Münhen klubunun heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 31 məhsuldar ötürmə ilə inanılmaz performans nümayiş etdirib.













