"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes onun xidmətində maraqlı olan "Real" ilə 5 illik sözləşmə imzalamağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "El Debate" məlumat yayıb.

Bildirilir ki, argentinalı futbolçu karyerasını "Kral Klubu"nda davam etdirmək üçün can atır.

Tərəflər arasında şəxsi müqavilə və maaş məsələsində heç bir fikir ayrılığı olmasa da, transferin reallaşmasına London klubunun tələbi mane olur. Belə ki, "Çelsi" 25 yaşlı yarımmüdafiəçi üçün nə az, nə çox - 138 milyon avro tələb edir.

Qeyd edək ki, Enzo Fernandes başa çatan mövsümdə "zadəganlar"ın heyətində bütün turnirlərdə 54 matça çıxaraq 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı oyunçunu 90 milyon avro olaraq qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest