İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib. London klubu "Bornmut"la müqaviləsi başa çatan argentinalı mərkəz müdafiəçisi Markos Senesi ilə anlaşıb.
Matc.az xəbər verir ki, 29 yaşlı oyunçu "albalılar"la sözləşməsi bitdikdən sonra, iyulun 1-də azad agent statusu ilə rəsmən paytaxt komandasına qoşulacaq. Baş məşqçi Roberto De Zerbinin rəhbərlik etdiyi komandada o, 5 nömrəli formanı geyinəcək.
Təcrübəli müdafiəçi "Tottenhem"in rəsmi saytına verdiyi ilk müsahibəsində transferi haqqında bu sözləri deyib:
"Bu klubun oyunçusu olmaq çox xüsusi bir hissdir. Rəhbərlik lap əvvəldən məni niyə istədiklərini və qurduqları layihənin bir hissəsi olmağımı nə qədər arzuladıqlarını mənə hiss etdirdi. Bu, həqiqətən həyəcanvericidir və mən yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm.
Hər dəfə meydana çıxanda azarkeşlərimizi qürurlandırmaq və 'Tottenhem'i layiq olduğu yüksəkliklərə qaytarmaq üçün əlimdən gələni edəcəyəm. Burada titullar qazanmaq niyyətindəyəm".
Müdafiəçi karyerasına vətənində "San Lorenso"da başlayıb, daha sonra Niderlandın "Feyenoord" klubunda tanınıb. O, 2022-ci ildə 15 milyon avro qarşılığında "Bornmut"a keçmişdi. "Albalılar"ın heyətində keçirdiyi 4 mövsüm ərzində ümumilikdə 128 rəsmi matçda meydana çıxan argentinalı, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Senesi solaxay müdafiəçi axtarışında olan "Spurs"un bu yay azad agent kimi heyətinə qatdığı ikinci böyük transferdir (Bundan əvvəl "Liverpul"dan ayrılan Endi Robertson da komandaya cəlb olunub).













