"Nottinqem Forest" klubu yarımmüdafiəçisi Eliot Andersonu heyətinə qatmaq istəyən "Mançester Siti"nin yeni transfer təklifini geri çevirib.
Matc.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
"Şəhərlilər" 23 yaşlı İngiltərə millisinin oyunçusunu transfer etmək üçün səylərini artıraraq ilkin olaraq 106 milyon funt-sterlinq və bonuslar təklif ediblər. Daha sonra bu rəqəmi 120 milyon funt-sterlinqə qədər yüksəltsələr də, "Nottinqem" rəhbərliyini razı sala bilməyiblər.
Qeyd olunur ki, şəxsi müqavilə şərtlərində heç bir problem yoxdur və Anderson "Mançester Yunayted"lə müqayisədə məhz "Etihad" stadionuna keçməyə üstünlük verir. Digər Mançester təmsilçisi "Yunayted" isə maliyyə yarışına girmək istəmədiyi və yalnız klubda oynamağa can atan futbolçuları heyətə qatmaq prinsipini rəhbər tutduğu üçün bu transfer mübarizəsindən faktiki olaraq çəkilib.
Gənc ingilis yarımmüdafiəçi 2024-cü ilin iyulunda 40 milyon avrodan çox məbləğ qarşılığında "Nyukasl"dan "Nottinqem"ə transfer olunub. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı futbolçunun hazırkı bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Geridə qalan 2025/26 mövsümündə Anderson ümumilikdə 50 matçda meydana çıxaraq 4 qol vurub və 5 məhsuldar ötürmə edib. İngiltərə yığmasında 7 oyunda şans qazanan futbolçu, həmçinin millinin DÇ-2026 üçün elan olunmuş rəsmi heyətinə də daxil edilib.












