"Real"ın keçmiş baş məşqçisi Alvaro Arbeloa İngiltərənin "Fulhem" klubunun sükanı arxasına keçməyə çox yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Matteo Moretto paylaşıb.

London təmsilçisi ilə Alvaro Arbeloa arasındakı danışıqların müsbət məcrada irəlilədiyi bildirilir. İspaniyalı mütəxəssisin nümayəndələri Oskar Ribot və Luis Alonso ilə klub rəhbərliyi arasındakı son təmaslardan sonra tərəflər ortaq məxrəcə gəlmək baxımından olduqca nikbindirlər. Müqavilənin bəzi detalları hələ tam dəqiqləşdirilməsə də, yaxın günlərdə rəsmi razılığın əldə olunacağı gözlənilir.

Qeyd edək ki, "Real" iyunun 9-da 43 yaşlı Alvaro Arbeloanın baş məşqçi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb. O, 2026-cı ilin yanvar ayından bəri Madrid nəhənginə rəhbərlik edirdi.

"Fulhem" başa çatan 2025/2026 İngiltərə Premyer Liqası mövsümünü keçirdiyi 38 matçdan sonra 52 xalla 11-ci yerdə tamamlayıb. Londonun digər təmsilçisi "Arsenal" isə 85 xalla çempionluq sevinci yaşayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest