10 İyul 2019, 19:58
AVROPA LİQASI
"çətin oyun gözləyirik. Bu həm də komandamızın yeni mövsümdə ilk rəsmi matçıdır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik". Matc.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Korneliu Papure "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib.
45 yaşlı rumıniyalı mütəxəssis "ASCO Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, rəqib haqda məlumat toplamaq baxımından çətinlik çəkiblər:
"Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq. çalışacağıq ki, nəticə bizim üçün müsbət olsun. Hər dəfə rəqib haqda maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridir. ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. çünki fasilədə dəyişikliklər olur".
Baş məşqçinin sözlərinə görə, futbolda məsafənin uzaqlığı problem olmamalıdı: "Uçuşumuz cəmi 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti tempratur narahat edir. Bu iqlimə öyrəşməliyik. Strategiyamız oyundan sonra bəlli olacaq. Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq".
Papure hələlik start heyətini müəyyənləşdirmədiyini söyləyib: "Səbail" Rumıniyadan bir Erik da Silvanı gətirib. Bunu nəzərə alsaq, onların bizim haqda məlumatı daha çoxdur. Rəqib yox, öz oyunumuz haqda düşünürəm. Hələlik start heyəti barədə bir söz deyə bilmərəm".
Qeyd edək ki, iyulun 11-də "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.