Bosniya və Herseqovina millisinin 40 yaşlı hücumçusu Edin Ceko "Şalke" ilə müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Müqavilənin maliyyə detalları açıqlanmır.

Bosniyalı forvard peşəkar səviyyədə özünün 23-cü mövsümünü keçirəcək. Oyunçunun əvvəlki sözləşməsi 30 iyun 2026-cı ildə başa çatdığı üçün o, iyulun 1-dən azad agent statusunda idi.

Ceko cari ilin yanvarında "Fiorentina"dan "Şalke"yə keçib və bundan sonra Almaniya təmsilçisinin heyətində II Bundesliqada meydana çıxdığı 11 matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. "Şalke" turnir cədvəlində ikinci yeri tutaraq yenidən Almaniya çempionatının elit divizionuna qayıdıb.

Karyerası ərzində "Şalke" və "Fiorentina"dan başqa, Ceko həmçinin "Jelezniçar", "Teplitse", "Usti-nad-Labem", "Volfsburq", "Mançester Siti", "Roma", "İnter" və "Fənərbaxça" klublarında da forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest