FİFA-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Venger "FIFA Forward Enterprise" (FFE) kommersiya planının hazırlanmasında iştirak etmədiyini bildirib və layihənin ləğv edilməsi qərarını dəstəkləyib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşrinin jurnalisti Kaveh Solhekol sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, sözügedən təşəbbüs dünya çempionatının hüquqlarının satışı üçün yeni strukturun yaradılmasını nəzərdə tuturdu. Lakin futbol konfederasiyalarının tənqidləri və UEFA-ya üzv ölkələrin turniri boykot etmək təhdidləri fonunda FİFA prezidenti Canni İnfantino planın icrasından imtina etmək qərarına gəlib.

"FİFA-dakı son hadisələr məndən müəyyən aydınlıq gətirməyi tələb edir. FİFA-da mən qlobal futbolun inkişafı şöbəsinin rəhbəri vəzifəsini tuturam. Komandamla birlikdə oyun məlumatlarının analizini, FİFA-nın onlayn məşq mərkəzinin işini, buna ən çox ehtiyacı olan 60 ölkədəki 60 akademiya vasitəsilə gənclərin təhsilinin inkişafını, həmçinin bütün dünyada gənclər yarışlarını idarə edirəm.

Bundan əlavə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) texniki məsləhətçisiyəm. Mən bu strateji planın hazırlanmasında iştirak etməmişəm və layihə barədə ilk dəfə kütləvi informasiya vasitələrindən öyrənmişəm. Layihənin icrasının dayandırılması qərarı tamamilə zəruri və mübahisəsiz idi, çünki növümüzə sədaqət, şəffaflıq və dürüstlüklə xidmət edən müstəqil FİFA-nın mövcudluğunun vacibliyinə qətiyyətlə inanıram", - deyə Arsen Venger qeyd edib.

Xatırladaq ki, fransalı mütəxəssis 2019-cu ildən bu qurumda çalışır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest