"Şəfa" klubu "Sabahın ulduzları" turnirindən geri çəkilib.

Matc.az xəbər verir ki, təşkilatçı Bakı Futbol Federasiyasının Təşkilat Komitəsinin yaydığı məlumatda belə deyilir:

“Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.

“Şəfa” FK-nın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa” FK-nın müraciətinə əsasən komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.

U-15 yaş qrupunda yarışlara "Şəfa" FK-nın əvəzinə "Rekord" komandası buraxılıb.

Ancaq bu, məsələnin görünən tərəfidir. Hamıya bəllidir ki, bu turnirin əsas sponsoru "Şəfa" klubunun sabiq prezidenti Sərdar Salmanzadədir. Onun ötən mövsümün gedişatında klubdan qəflətən ayrılığı baş tutub. Yaxın qohumu, indiki "Şəfa"nın prezidenti Kənan Sadıqlı martda onun yerinə təyin olunub. Bu ikili arasında isə münasibətlər soyuqdur. Ötən mövsümün sonunda Sərdar Salmanzadə dəfələrlə "Şəfa"nın indiki rəhbərliyinə qarşı sosial şəbəkə hesablarında atmacalı paylaşımlar edib.

"Şəfa" ilk turda "Sumqayıt"a 0:5 hesabı ilə uduzub. II turda bu gün və ya sabah Gənclər və İdman Nazirliyinin balansında olan "Ulduz" akademiyası ilə qarşılaşmalı idi. Görəsən, klubun Akademiya rəhbərliyi turnirə qatılmağa icazə verəndə yaş qrupundan xəbəri olmayıb? Bəyəm Premyer Liqada olan komandanın Akademiya tələblərinə uyğun olaraq 2011-ci il təvəllüdlü futbolçusu yox idi? Əgər bu suallara cavab yoxdursa, lap pis. İlk turda çıxış edib, sonra geri çəkilmək nə deməkdir? 2012 təvəllüdlü uşaqlarla çıxış etməyə nəsə mane olurdumu? Məncə, yox. 

Bəlkə Sərdar Salmanzadə reqlamenti "Şəfa"dan gizlədib ki, komanda gəlib biabır olsun? Bu ehtimalı yaxına buraxmaq istəməsək də, pərdəarxası məqamlar çoxdur...

(Prosport.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest