Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter təşkilatın rəhbəri vəzifəsinə Norveç Futbol Assosiasiyasının prezidenti Lize Klavenessin təyin olunmasını təklif edib.
Matc.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Sabiq prezident norveçli funksionerə böyük etimad göstərib: "Lize Klaveness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın mövqe tutan və axına qarşı üzməyən yeganə şəxsdir. Bir qadının FİFA-ya rəhbərlik etməsinin vaxtı çatıb".
Təşkilata tarixində heç vaxt qadın rəhbərlik etməyib. Daha əvvəl məlum olub ki, Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifi ilə bağlı yaranmış vəziyyətə görə tezliklə FİFA prezidenti postunu tərk edə bilər.
Bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid və pislənilib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA-nın bayrağı altında keçirilən turnirləri boykot edəcəyini bəyan edib. Bu qərar təşkilatın bütün 55 üzvü tərəfindən dəstəklənib.
Həmçinin bu təklif Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) üzvləri tərəfindən rədd edilib. Asiya Futbol Konfederasiyasında isə FİFA-nın idarəçiliyində islahatların aparılmasına çağırış edilib.
Klavenessin 45 yaşı var. O, Norveç millisinin sabiq futbolçusudur. 2022-ci ildən Norveç Futbol Federasiyasının prezidenti vəzifəsini tutur.
FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.













